12/02/2013 10:21

Azərbaycan kosmosa optik və radar peykləri çıxaracaq

Hədəflər açıqlandıAzərbaycan qarşıdakı illərdə aşağı orbitli peykləri, 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev məlumat verib.

R. Nəbiyevin sözlərinə görə, respublika üçün milli təhlükəsizlik və iqtisadi mənfəət baxımından böyük əhəmiyyət kəsb edən məsafədən zondlama peyklərinin orbitə çıxarılması istiqamətində aparılan işlər çərçivəsində ilkin olaraq aşağı orbitli peyklərin imkanlarının ölkəmizdə istifadə və tətbiq istiqamətlərinin öyrənilməsi üzrə yerli və xarici bazarlara dair araşdırmalar aparılıb. Peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlanılıb. Məlum olub ki, ölkədə, strateji əhəmiyyətli infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün monitorinqin aparılması, kosmosdan fövqəladə halların qarşısının alınması və idarə edilməsinə dəstək verilməsi, xəritəçəkmə və geodeziya, daşınmaz əmlak məsələlərinin həll edilməsi, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi, ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi və bu kimi bir sıra mühüm sahələrdə bu peyklərin xidmətlərindən səmərəli istifadə imkanları mövcuddur.

Qeyd edək ki, fevralın 8-də Fransa Qvianasının Kuru kosmodromundan Azərbaycanın ilk milli süni telekommunikasiya peyki “Azerspace-1” geostasionar orbitə çıxarılıb.

Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.