23/02/2015 10:08

Azərbaycan məhsulları İDEX-2015-də – FOTOLAR

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində 12-ci İDEX-2015 beynəlxalq müdafiə sərgisi işə başlayıb. “AzeriDefence”nin sərgidə təmsil olunan əməkdaşının verdiyi məlumata görə, BƏƏ dövlət başçısı Şeyx Xəlifə bin Zayed əl-Nəhyanın himayəsində keçirilən sərginin açılışına dünyanın çox sayda ölkəsindən müdafiə nazirləri, silahlanma idarələrinin rəhbərləri, Silahlı Qüvvələr rəsmiləri ziyarətçi qismində qatılıblar.

Sərgi BƏƏ Silahlı Qüvvələrinin xüsusi təyinatlı qruplarının və HHQ-nin nümunəvi çıxışları ilə başlayıb. Sərgi kompleksi ərazisindəki açıq sahədə BƏƏ ordusunun xüsusi təyinatlıları müxtəlif təqdimatlar ediblər. Sərgi kompleksi üzərində isə BƏƏ HHQ-nin döyüş təyyarələri və helikopterlərinin aviaşousu olub.

İDEX sərgisi ilə bir yerdə NAVDEX-2015 dəniz texnologiyaları, UMEX-2015 pilotsuz texnologiyalar sərgisi keçirilir. Sərginin NAVDEX bölməsində BƏƏ, ABŞ, Pakistan və digər ölkələrin hərbi donanmalarına aid gəmilər ziyarətçilərə qapılarını açıb.

Daha sonra açıq sahədə müxtəlif şirkətlərin istehsalı olan döyüş texnikalarının manevrləri nümayiş etdirilib.

Sərgiyə əvvəlki illərdə daha geniş və SSM hamiliyində qatılan Türkiyə bu dəfə BƏƏ ilə siyasi əlaqələrində yaranan problemlə bağlı cəmi 23 şirkətlə qatılır. Bunlar da BƏƏ-də və ya Körfəz ölkələrində müəyyən layihələr həyata keçirən şirkətlərdir. SSM isə rəsmən stendlə təmsil olunmur.

Sərgidə 202 şirkətlə BƏƏ təmsil olunduğu halda, ABŞ 163, İngiltərə 80, Almaniya 70, Fransa 59, Rusiya 47, Çin 40, CAR 34, İtaliya 32, Kanada 30, Çexiya 29, Avstraliya 28, İsveçrə 28, Avstriya 25, Cənubi Koreya 21 şirkətlə yer alır.

Müxtəlif ölkələrdən 1500-dək şirkətin qatıldığı sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) də stendlə təmsil olunur. MSN stendində Azərbaycan müəssisələrində istehsal olunmuş 180-dən artıq məhsul, o cümlədən atıcı silahlar, artilleriya sistemləri, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. nümayiş etdirilir.

Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Nazir Y. Camalovun sərgi çərçivəsində bir sıra ölkələrdən olan həmkarları ilə görüşləri planlaşdırılır.

Ziyarətçi qismində sərgiyə Azərbaycandan İDEX-2015 sərgisində müdafiə naziri, general-polkovnik Zakir Həsənov, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin başçılığı altında nümayəndə heyətləri iştirak edir.

Sərginin rəsmi açılışından sonra Azərbaycandan olan nümayəndə heyətləri MSN stendinə baş çəkib. Burada Azərbaycanda istehsal edilən məhsullar barədə məlumat alıblar.

Müdafiə sənayesi naziri Yavər Camalov “AzeriDefence”yə açıqlamasında bildirib ki, nazirlik sərgidə 180 adda məhsulla təmsil olunur:

“Biz ilk dəfə İDEX-ə 2011-ci ildə qatıldıq. Bu sərginin də uğurlu olacağına əminəm”.

Nazir bildirib ki, bir neçə həftə əvvəl BƏƏ eyəti Bakıda oldu və danışıqlar apardıq. Bizim bir sıra məhsulların burada testi nəzərdə tutulur.

Nazir yaxın vaxtlarda MSN-in 5 yeni istehsal sahəsinin istifadəyə veriləcəyini bildirib. Onun sözlərinə görə, istifadəyə veriləcək müəssisələrdən biri ölkədə ilk dəfə tanklar və artilleriya vasitələri üçün döyüş sursatları istehsal olunacaq. Bununla da Azərbaycanın xaricə asılılığı aradan qalxacaq.

DSX rəisi, general-polkovnik Eçin Quliyev Azərbaycan istehsalı olan patronların keyfiyyətinə görə yüksək səviyyədə olduğunu deyib.

Qeyd edək ki, Azərbaycan MSN İDEX sərgisinə ikinci dəfədir qatılır. Bundan əvvəl – 2011-ci ildə İDEX-ə qatılan MSN sərgidə 71 adda məhsul nümayiş etdirib.