15/02/2014 09:15

Azərbaycan minaxataranları təhlükəli silah tapıblar

Dayaq” Humanitar Təşkilatının əməkdaşları Xocavənd rayonu ərazisində xeyli sayda döyüş sursatını zərərsizləşdiriblər. Bu barədə “AzeriDefence”yə “Dayaq” Humanitar Təşkilatının əməliyyatçısı Ehtiram Cəfərov məlumat verib.

Rayon ərazisindəki yataqlardan birində aparılan əməliyyatlar zamanı 3 ədəd 125 mm çaplı tank mərmisi, 3 ədəd PQ-7 mərmisi, 1 ədəd üzərində mərmisi olan RPQ-7 əl qumbaraatanı, həmçinin 1 ədəd “Şmel” tipli piyada reaktiv odsaçanı tapılıb.

E. Cəfərovun sözlərinə görə, “Şmel” odsaçanı Azərbaycan ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı ilk dəfədir aşkarlanır. Böyük dağıdıcı qüvvəyə malik olan bu odsaçan bağlı müdafiə mövqelərini və texnikaları məhv etmək üçündür. Bir odsaçan 80 kvadratmetr sahədə 1000 dərəcə istilik yaradır.

E. Cəfərov qeyd edib ki, ərazidə 1993-1994-cü illərdə Ermənistan Ordusunun səngəri olub. Sursatlar da məhz həmin səngərlərdən tapılıb.

Qeyd edək ki, “Şmel” odsaçanları 1979-1989-cu illərdə Sovet-Əfqan müharibəsində Əfqanıstanda “Şeytan Trubası” adlanaraq tarixə bu adla düşüb.