24/09/2014 07:46

Azərbaycan MSN MTLB-ləri modernləşdirir

MTLB-AM raketlə vuracaqAzərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən MTLB yüngül zirehli yedək maşınlarının modernləşməsi hesabına, bu maşının bazasında yeni atəş maşını hazırlanıb. “AzeriDefence”nin məlumatına görə, MTLB-AM adı verilmiş yeni maşın ADEX-2014 birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisində ictimaiyyətə nümayiş etdirilib.

Yeni maşın sərgidə böyük maraq doğurub.

Aparılmış işlər nəticəsində MTLB-AM-də yeni, ikimüstəvili, elektromexaniki distans idarəetməli döyüş modulu qurulub. Maşının silah kompleksinə 57 mm çaplı kumulyativ-qəlpəli, idarə olunmayan raketlərdən atəş açan 15 lüləli reaktiv atəş qurğusu, 7.62 mm çaplı PKT pulemyotu, 30×29 mm çaplı AQ-17 tipli avtomatik qumbaraatan və 81 mm-lik tüstü qumbaraatanları daxil edilib. Maşının döyüş dəstinə 75 ədəd 57 mm çaplı raket, PKT pulemyotu üçün 2000 ədəd patron, AQ-17 üçün 300 ədəd qumbara daxildir.

Yerli müəssisədə hazırlanmış reaktiv atəş sistemi 57 mm çaplı raketlərlə 6 km atış uzaqlığına malikdir. Döyüş modulunda yer alan televiziya nişangahı gündüz 1000, gecə isə 600 metrədək məsafədə görmə imkanı təmin edir.

Maşının maskalanma-yayındırma sistemində infraqırmızı şüaları udan qumbaralar, infraqırmızı şüalar yaradan qumbaralar, işıqlandırıcı, tüstü və termotüstü qumbara növlərindən istifadə olunur.

Döyüş modulu maşının arxa hissəsində yerləşir. MSN mütəxəssislərinin sözlərinə görə, ehtiyac olarsa qülləni orta bölməyə də yerləşdirmək mümkündür.

Modernləşdirmə nətiəcsində maşının daxili idarəetmə sistemləri də yenilənib.