04/10/2014 10:42

Azərbaycan Müdafiə Nazirliyi: “Hər bir şəhid hərbçimizin qisası düşməndən birə on qat artıqlaması ilə alınır”

İyul-avqust aylarında ermənilər cəbhədə 70-dək itki veriblərErmənistan kütləvi informasiya vasitələri həmişə olduğu kimi növbəti dəfə özlərinin qeyri-hökumət təşkilatları, sosial mediaları vasitəsilə Azərbaycan Silahlı Qüvvələri haqqında erməni ictimaiyyəti üçün dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edir.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, cari ilin iyul-avqust aylarında kəşfiyyat-təxribat qruplarının Azərbaycan Ordusunun mövqelərinə hücum etmək cəhdlərinin qarşısının alınması zamanı ölü və yaralı olaraq 70-dək itki verən erməni tərəfi onlara vurulan sarsıdıcı zərbədən hələ də özlərinə gələ bilməyərək itkilərini gizlətməkdə davam edirlər.

“Ermənistan Respublikasında hakimiyyətə qarşı başlanan kütləvi aksiyalardan, daxili çəkişmələrdən qorxuya düşən cinayətkar Yerevanın hərbi-siyasi rejimi cəbhədə verdiyi itkiləri azaldaraq, əhalinin fikrini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin pozulması haqqında təxribat və dezinformasiya xarakterli şişirdilmiş məlumatlar yaymaq vərdişindən əl çəkmir. Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, müdafiənin ön xəttində yerləşən bölmələrimiz erməni tərəfinin istənilən təxribatının qarşısını almağa və onu darmadağın etməyə hazırdır. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda həmişə döyüşə hazır olan əsgər və zabitlərimiz müdafiə nazirinin əmrinə əsasən şəhid olan və yaralanan hər bir hərbçimizin qisasını düşməndən birə on qat artıqlaması ilə alırlar və bundan sonra da alacaqlar», – deyə bəyanatda vurğulanıb.