18/12/2014 10:47

Azərbaycan müdafiə sənayesinin imkanları ilbəil genişlənir

Nazir Yavər CAMALOV: “Növbəti ildə yeni istehsal sahələrinin yaradılması və istehsal texnologiyalarının alınması üçün planlar hökumətə təqdim olunub”Müdafiə Sənayesi Nazirliyində 17 dekabr – Müdafiə sənayesi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov müdafiə sənayesində həyata keçirilən işlərdən danışaraq bildirib ki, 2007-2014-cü illərdə nazirlik sistemində yenidənqurma və inşaat işləri nəticəsində 50-dən artıq yeni istehsal sahəsi yaradılıb. Cari ildə istehsal olunmuş müdafiə təyinatlı məhsulların həcmi 2010-cu illə müqayisədə 2,4 dəfədən çox olacaq.

Y. Camalov qeyd edib ki, MSN müəssisələri tərəfindən 60 və 82 mm çaplı minaatanlar, PKT pulemyotu, “Xəzri” adlı avtomat, əleyhqaz, “Aerostar” tipli pilotsuz uçuş aparatları, əl qumbaraları, maskalanma torları, optik sistemlər, atıcı silah və zirehli texnikaların ehtiyat hissələri istehsal olunaraq sifarişçilərə çatdırılıb. Nazirliyin müəssisələrində 2014-cü ildə kapsulların istehsalına nail olunub ki, bu da döyüş sursatlarının istehsalında xarici asılılığı aradan qaldırılıb. 30 mm çaplı AQS-30 avtomatik qumbaraatanı üçün döyüş dəstinin, minaatanlar üçün sursatların, A-100 tipli gecəgörmə cihazının yaradılması başa çatdırılıb və seriyalı istehsala tövsiyə olunub. Eyni zamana 14.5 mm təkmilləşdirilmiş snayper tüfənginin, 7.62×51 mm çaplı başqa bir snayper tüfənginin zavod sınaqları aparılıb. Elmi Tədqiqat İnstitutunda dövlət sifarişi üzrə 10 mövzu işlənib. Bunlar nəqliyyat vasitələri üzərinə silahların qurulması, yeni aviabombaların yaradılması, texnikaların modernləşdirilməsi, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin yaradılması və s. bağlı olub. Eyni zamanda MSN-in Milli Aerokosmik Agentliyində yeni sistemlərin yaradılması və istehsalı istiqamətində işlər görülüb.

“Növbəti ildə yeni istehsal sahələrinin yaradılması və istehsal texnologiyalarının alınması üçün planlar hökumətə təqdim olunub”, – deyə nazir əlavə edib.

Nazir MSN tərəfindən 2014-cü ildə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcminin 2007-ci illə müqayisədə 23,4 dəfə, 2010-cu illə müqayisədə 2 dəfə artdığını bildirib. Onun sözlərinə görə, nazirliyin müəssisələrində artıq 900-dən çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib. Cari ildə MSN-in müəssisələri ilə sifarişə uyğun olaraq, müdafiə təyinatlı məmulatların istehsalı uğurla həyata keçirilib.

“2014-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma işləri üzrə 66 mövzunu və 169 mərhələni əhatə edən təcrübi-konstruktor işləri aparılır”, – deyə nazir vurğulayıb.

Y. Camalov MSN-in tərkibindəki birlik və müəssisələrdə struktur dəyişikliklərinin aparıldığını da qeyd edib.

Nazir MSN-in sifarişi əsasında Azərbaycan Texniki Universitetində yaradılan Xüsusi texnika və texnologiyalar fakültəsində 5 ixtisas üzrə 250 tələbə təhsil aldığını, bu ixtisaslar üzrə təhsillərini davam etdirən tələbələrə praktiki məşğələlərin keçirilməsi üçün universitetin laboratoriyasının maddi-texniki bazasının yaradılmasına nazirlik tərəfindən bir sıra avadanlıq və əyani vəsaitlər ayrıldığını vurğulayıb.

MSN “Aqreqat” İstehsalat Birliyinin baş direktoru Fərhad Cəfərquliyev çıxış edərək rəhbərlik etdiyi müəssisədə görülən işlərdən danışıb: “Əsasən zirehli texnikanın təmiri və modernləşdirilməsi üzrə ixtisaslaşmış Bakı Cihazqayırma Zavodunda iki növ döyüş texnikasının modernləşdirilməsi proqramı həyata keçirilir. İndiyədək onlarla döyüş texnikası modernləşdirilərək istifadəçilərə verilib. Müəssisəmizdə istehsal olunan aviasiya sənayesi məhsulları Rusiyaya və digər ölkələrə ixrac olunur”.

MSN “Dalğa” Elmi İstehsalat Müəssisəsinin baş direktoru Mübariz Ağayev isə məlumat verib ki, rəhbərlik etdiyi müəssisədə 37 adda silahın təmiri, eyni zamanda iki növ müdafiə təyinatlı məhsulun istehsalı həyata keçirilir. Zavodda silahların təmiri ilə yanaşı, yararsız silahların utilizasiyası da aparılır.

Tədbirdə Azərbaycan prezidentinin sərəncamı ilə orden, medal və fəxri adlar almış, əmək fəaliyyətində fərqlənmiş şəxslər təltif olunublar.