23/06/2015 17:01

Azərbaycan Ordusu yeni silahlarla gücünə güc qatır – FOTOLAR

Düşmən tanklarına “Kornet-E” qənim gəlirRusiyanın “Vısokotoçnıe Kompleksı” Elmi İstehsalat Müəssisəsi (Rostexnologiya şirkətinə daxildir) Azərbaycanla bir neçə layihə üzərində çalışır.

Bu barədə “AzeriDefence”nin “Armiya-2015” forumunda iştirak edən əməkdaşına müəssisənin stendindən məlumat verilib.

Şirkətdən bildirilib ki, Azərbaycanın sifarişi üzrə “Kornet-E” tank əleyhinə raket komplekslərinin və “Şmel” daşınan odatanlarının çatdırılmasına başlanıb. Eyni zamanda Azərbaycan müəssisənin yeni məhsullarından olan “Verba” daşınan zenit-raket kompleksinə marağını ifadə edib.

“Azərbaycanla bizim yaxşı əlaqələrimiz var. Mütəmadi olaraq görüşlərimiz olur. Hətta bir neçə ay əvvəl Abu Dabidə keçirilən sərgidə müdafiə naziri, cənab Zakir Həsənov heyəti ilə birlikdə bizim müəssisənin stendini ziyarət elədi. Silahlarımızla yerində tanış oldu və işgüzar görüşümüz keçdi. Hətta nazirin bizim stenddə snayper tüfəngi ilə fotosu Azərbaycan mediasında da geniş yer aldı”,- deyə müəssisə rəsmisi bildirib.

Qeyd edək ki, “Kornet-E” tank əleyhinə idarə olunan raket kompleksinin atış mənzili 10 km təşkil edir. İlk dəfə 2006-cı ildə Livanda “Hizbullah” silahlıları tərəfindən İsrail ordusuna qarşı “Kornet-E”nin tətbiq olunması nəticəsində İsrailə məxsus və dünyanın ən güclü qorumasına malik “Merkava” tankları sıradan çıxarılıb. Hərbi əməliyyat zamanı İsrail ordusu bir neçə “Kornet” kompleksini ələ keçirməyə nail olub. 2014-cü ildə Suriyada Azad Suriya Ordusu və İraqda İŞİD silahlılarının hökumət qüvvələrinin hərbi bazalarından qənimət olaraq ələ keçirdiyi bu komplekslərdən istifadəsinə dair faktlar üzə çıxıb. İnternetdə yer alan görüntüdə İraqda 2014-cü ilin mart ayında İŞİD silahlılarının “Kornet” vasitəsi ilə M1A1M “Abrams” tankını vurması görünür. “Kornet” kompleksi son olaraq Ukraynada Donetsk bölgəsində separatçılar tərəfindən istifadə edilib.

Sovet Ordusunun Əfqanıstanda istifadə etdiyi və “Şeytan borusu” (Şaytan truba) kimi tanınan “Şmel” reaktiv piyada odaatanı partlayış vaxtı yüksək dərəcəli yanğın yaradaraq açıq yerdə 50, qapalı yerdə 80 kvadratmetrədək ərazidəki bütün canlıları məhv edir. Germetik mühafizəsi olmayan istehkamlar və yüngül zirehli texnikalarda olan canlı qüvvə ərazidə “Şmel”in yaratdığı vakum nəticəsində məhv olur. Birinci Qarabağ müharibəsi zamanı ermənilərin “Şmel”dən istifadə etməsinə dair bir neçə fakt mövcuddur. Xocavənd rayonunda işğaldan azad olunmuş ərazidə, keçmiş erməni postu ərazisində 2014-cü ildə ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatı zamanı 1 ədəd “Şmel” qurğusu aşkarlanaraq zərərsizləşdirilib. Hazırda bu sistem erməni ordusunun arsenalında yer alır.