17/01/2013 07:14

Azərbaycan prezidenti: “Ordumuz Cənubi Qafqazda aparıcı hərbi qüvvədir”

Ötən il Azərbaycan Ordusunun gücləndirilməsi üçün böyük tədbirlər görülüb. “AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2012-ci ilin yekununa dair müşavirəsində Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Prezident 2012-ci ildə böyük sayda texnika, silah-sursat alındığını, infrastrukturun yaradıldığını vurğulayıb: “Keçən il ümumi hərbi xərclərimiz üç milyard dollardan çox idi. Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik”.

Ali Baş Komandan həmçinin əlavə edib ki, ordu quruculuğu işində təkcə maddi-texniki təchizat rol oynamır, eyni zamanda, peşəkarlıq və nizam-intizam da öz rolunu oynayır: “Həm peşəkarlıq, həm nizam-intizam artmalıdır. Ordu cəmiyyətin bir parçasıdır. Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür. Biz gələcəkdə də ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində siyasətimizi aparacağıq. Bu gün bizim ordumuz Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Bizim ordumuz böyük nailiyyətlərə çatıbdır. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcək. Ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcəkdir və verir”.