05/10/2013 16:43

Azərbaycan S-300 kompleksləri döyüşə hazır

Səmamız etibarlı əllərdəAzərbaycan S-300 ZRK-ləri ictimaiyyətə nümayiş etdirdi

Hava sərhədlərimiz etibarlı əllərdə

Bu gün Milli Məclisin bir qrup deputatı və jurnalistə Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının zenit-raket briqadasında S-300 PMU-2 “Favorit” zenit raket komplekslərinin (ZRK) təqdimatı keçirilib. “AzeriDefence”nin məlumatına görə, hərbi hissəyə gələn qonaqları burada əvvəlcə müdafiə nazirinin müavini, general-mayor Altay Mehdiyev qarşılayıb. Öncə şəxsi heyətlə görüşən millət vəkilləri öz tövsiyyələrini hərbçilərlə bölüşüblər.

Görüşdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, millət vəkili olaraq tez-tez müxtəlif hərbi hissələrə səfərlər edirlər: “Hərbi hissələrdə gördüklərimiz, əldə olunmuş uğurlar, nümayiş etdirilən yeni silahlar Azərbaycan Ordusunun gücünü göstərir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirə biləcək gücdədir. Onun qarşısında həll edilməyəcək hansısa məsələ yoxdur”.

Çıxış edən millət vəkilləri Hadı Rəcəbli, Gövhər Baxşəliyeva, Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işlərdən danışıblar.

Daha sonra zenit-raket briqadasının qərargahında hərbi hissə komandiri polkovnik-leytenant Cəlil Seyfullayev tərəfindən S-300 kompleksinin taktiki-texniki göstəriciləri barədə təqdimat keçirilib. Qeyd olunub ki, S-300 divizionu eyni anda 6 hədəfi müşayiət edir və atəş altında saxlayır. Məlumat verilib ki, S300 «Favorit» kompleksləri özünün hədəf izləmə imkanlarının genişliyinə görə fərqlənir. Bir ZRK divizionu eyni anda 6 hədəfi müşahidə edə və atəş altında saxlaya bilir. Bir zenit-raket briqadası isə 36 hədəfi müşahidə edib atəş altında saxlamaq imkanına malikdir. Bir neçə il əvvəl, Rusiyadan S300 kompleksləri alınarkən Həştərxanda keçirilmiş sınaq atışlarında uzunluğu 2 metr, diametri 20 sm olan ballistik hədəf yüksək dəqiqliklə məhv edilib.

MAZ tipli nəqliyyat vasitələrinin şassisi üzərində yerləşdirilmiş bu ZRK-lər mobilliyə və manevrliyə malikdir. Atışdan sonra yerini sürətlə dəyişən maşın 5 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilə bilir. Sistem eyni zamanda aktiv və passiv maneələrə qarşı qoruma imkanlarına malikdir. Raketlərin məhvetmə uzaqlığı 3 kilometrdən 200 kilometrə, yüksəkliyi isə 27000 metrədəkdir. Bu raketlər saniyədə 2800 metr hərəkət edən hədəfləri məhv etməyi bacarır.

C. Seyfullayev qeyd edib ki, Hava Hücumundan Müdafiə Qoşunlarının mütəxəssisləri S300 komplekslərini artıq mənimsəyib. Sistemi idarə edəcək heyət üçün təlimlər təşkil olunur.
Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Altay Mehdiyev qeyd edib ki, bu texnikalar hərbi paradda ictimaiyyətə nümayiş etdirilib: “Azərbaycanın malik olduğu S300 zenit raket kompleksləri öz sinfinin ən müasiridir. Zenit raket kompleksləri Azərbaycanın hava hücumundan müdafiə sisteminə əlavə güc qazandırır”.

Generalın sözlərinə görə, Azərbaycan postsovet məkanında az sayda ölkənin malik olduğu ən güclü hava hücumundan müdafiə sistemlərinə malikdir. Azərbaycan HHM sistemi respublikanın hava məkanını tam nəzarətdə saxlamaqla yanaşı, Ermənistan hava sahəsinə də nəzarət edə bilir.

Tanışlıq zamanı qeyd olunub ki, artıq Azərbaycanın bütün mülki və hərbi təyyarələri «dost-düşmən tanıma» (İFF) sistemi ilə təchiz olunub. Bu da HHMQ-yə ölkənin hava sahəsinə daxil olan bütün təyyarələr barədə anında məlumat əldə etməyə imkan verir.

Təqdimatdan sonra jurnalistlər və millət vəkilləri kompleksin döyüşə hazırlıq vəziyyətini izləyib, zenit raket briqadası üçün yaradılan şəraitlə tanış olublar.

Tədbirdə o da bildirilib ki, zenit-raket briqadası günün 24 saatı fasiləsiz döyüş növbətçiliyini təmin edərək Azərbaycanın hava sərhədlərini mühafizə edir. Ehtiyac duyulan təqdirdə divizionlar respublikasının istənilən bölgəsinə müvəqqəti dislokasiya oluna bilər. Bunun üçün briqadasının səyyar komanda məntəqəsi, kazarmaları, anbarları, tibb məntəqəsi mövcuddur.