19/02/2015 08:31

Azərbaycan Sahil Mühafizəsi 10 yaşını qeyd edib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib.
“AzeriDefence”nin məlumatına görə, əvvəlcə DSX rəisi, Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyevin Sahil Mühafizəsinin şəxsi heyətinə təbrik telefonoqramı oxunub. Təbrik müraciətində Sahil Mühafizəsinin Xəzər dənizində Azərbaycanın Milli maraqlarının qorunması istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyi qeyd edən DSX rəisi, qurumun şəxsi heyətinə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

DSX Sahil Mühafizə rəisinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Elnur Həbibov isə qurumun yaranması, fəaliyyəti və formalaşması istiqamətində görülən işlər barədə prezentasiya ilə çıxış edib

DSX rəisinin birinci müavini, Sərhəd Qoşunlarının baş qərargah rəisi, general-leytenant Rəşad Sadıqov isə çıxışında dəniz sərhədlərinin mühafizə işində böyük inkişaf əldə olunduğunu qeyd edib.

“Prezident İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən yaradılmış gəmi inşa zavodunda inşa olunacaq yeni gəmilər hesabına Sahil Mühafizəsinin imkanları daha da artırılacaq. Onu xüsusi qeyd etmək lazımdır ki, Sahil Mühafizə tam peşəkar heyətlə komplektləşdirilib”, – deyə general vurğulayıb.

R. Sadıqov Sahil Mühafizəsinin Xəzər dənizinin Azərbaycana aid olan hissəsində enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmərlərinin qorunması, beynəlxalq terrorizmlə, qaçaqmalçılıq və brakonyerlik, qeyri-leqal miqrasiya ilə mübarizə sahəsində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.

Son illər dəniz sərhədlərinin etibarlı mühafizəsi məqsədilə struktur dəyişikliklərinin həyata keçirildiyini deyən R.Sadıqov bildirib ki, bir neçə hərbi hissənin tərkibində olan sərhəd bölmələri Sahil Mühafizəsinin tabeçiliyinə verilib. Bundan əlavə, Lənkəran, Astara, Ələt, Gürgan, Siyəzən və Yalama texniki müşahidə məntəqələri yaradılıb. Xəzər dənizinin vacib hissələrində sərhəd gözətçi gəmilərinin xidməti təşkil olunub.

Daha sonra tədbir iştirakçıları Sahil Mühafizəsinin tarixini əks etdirən sərgiyə baxıblar və hərbi hissədə yaradılmış xidməti şəraitlə tanış olublar.

Tədbirdə xidməti döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş hərbi qulluqçular DSX rəisinin əmri ilə medal, yeni hərbi rütbə və mükafatlarla təltif olunublar.