10/10/2012 12:39

Azərbaycan səfiri Pakistan Hava Qüvvələrinin komandanı ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri Daşgın Şikarov Pakistan Hərbi Hava Qüvvələrinin yeni komandanı, aviasiya marşalı Tahir Rafik Butt ilə görüşüb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Azərbaycanın Pakistandakı səfirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmasından, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsindən danışılıb. Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın aspektləri müzakirə edilib.

T. R Butt ölkəsinin Azərbaycanı Dağlığ-Qarabağ məsələsində birmənalı şəkildə dəstəklədiyini, işğalçı siyasətinə görə Ermənistanla nəinki diplomatik münasibətlər qurmadığını, hətta onu bir ölkə kimi tanımadığını vurğulayıb. Komandan bu dəstəyin Azərbaycanın zəbt olunmuş torpaqlarının tam azad olunacağına qədər davam edəcəyini diqqətə çatdırıb.

HHQ komandanı Pakistan müdafiə sənayesi müəssisələrində istehsal olunan silah və texnikalar barədə məlumat verib. Pakistan hərbi sənayesinin yeniliklərinin 7-11 noyabr tarixlərində Karaçi şəhərində keçirilməsi nəzərdə tutulan İDEAS-2012 sərgisində nümayiş olunacağını qeyd edib.