10/01/2015 16:57

Azərbaycan əsgərlərinə keyfiyyətli YDS çəkmələri veriləcək

Azərbaycan Silahlı Qüvvələrinin çətin iqlim və relyef şəraitində xidmət edən əsgərləri bu ildən Türkiyənin “Yakupoğlu” şirkətinin (YDS) istehsalı olan çəkmələrlə təmin olunacaq.
“AzeriDefence”nin məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun çətin şərtlərdə xidmət edən hərbi hissələrinin şəxsi heyətinin yüksək keyfiyyətli və dayanıqlı geyim ləvazimatları ilə təchiz olunması barədə tapşırığına əsasən ordu üçün yerli müəssisələrlə yanaşı xaricdən də müasir geyimlər və əşyalar alınır.

Əldə olunmuş razılaşmaya əsasən ordunun geyim təchizatın həyata keçirən “Bakı Tikiş Evi” ASC Türkiyənin YDS firmasının hərbi çəkmələrini də komplekt şəkildə hərbi hissələrə çatdıracaq. Tərəflər arasında bununla bağlı 2014-cü ilin sentyabr ayında müvafiq müqavilə imzalanıb.

Ikiqat dabana malik bu çəkmələrdən əsgərlər həm isti, həm də soyuq havalarda istifadə edə biləcəklər. Daha möhkəm və keyfiyyətli olan YDS çəkmələri əsgərlərin ayağını döyüb yara etməyəcək.

Qeyd edək ki, hazırda YDS çəkmələri Türkiyə ilə yanaşı Fransa, İngiltərə, Rusiya, bir sıra NATO ölkələri, İordaniya, BƏƏ, Pakistan, Qatar və digər ölkələrin ordularında istifadə olunur.