18/05/2013 06:56

Azərbaycan şirkətindən Mingəçevir Su Anbarı üçün unikal mühafizə sistemi

Azərbaycanın “Safe Life” şirkəti “ Mingəçevir Su Anbarı və Elektrik Stansiyasının” perimetr üzrə mühafizəsinin təşkili layihəsini həyata keçirib. “AzeriDefence”nin məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Layihənin icrasında innovativ texnologiyalardan istifadə olunmaqla, təhlükəsizliyin təmini üzrə bir neçə sistem tətbiq edilib. Bu təhlükəsizlik sistemi stansiyanın perimetrini, su bəndini və xüsusi əhəmiyyətli 3 mühəndis qurğusunu mühafizə altına alır.

Stansiyanın 4 nəzarət buraxılış məntəqəsində avtomobilin nömrəsini və sürücünün üz cizgilərini identifikasiya edən sistemlər quraşdırılıb. Buraxılış məntəqəsinə daxil olan şəxs feys-kontrol sistemindən keçir. Üz cizgilərinin identifikasiyası aparılır, xüsusi plastik kartı turniketə yaxınlaşdıraraq keçidə icazə alır. Daha sonra şəxsin əl çantası və başqa kiçik ölçülü əşyaları rentgeno televizyonlu introskopda yoxlanılır. Dörd buraxılış məntəqəsinin hər biri vahid mərkəzdən idarə olunur. Nəzarət Buraxılış Məntəqəsinin ikinci mərtəbəsində yerləşən Monitorinq otağında obyektə perimetr boyunca nəzarət edilir.

Təhlükəsizlik sisteminin ən mühüm elementi çəpərlər və çəpərlər arasındakı dəhlizdə radio-dalğalı hərəkət detektorlarıdır.

Təhlükəsizlik sistemində ən mühüm elementlərdən biri sərhəd boyunca quraşdırılmış dayaqlardır. Bu dayaqlarda müxtəlif funksiyalı nəzarət və xəbərdar edici avadanlıqlar – teplovizor kamerası, 360 dərəcə fırlanaraq müşahidə kamerası, statik kamera, meteostansiyalar, səsucaldanlar və projektorlar qurulub.

Bütün təhlükəsizlik sistemində ən mühüm element mini “Radiolokasiya” stansiyasıdır. Bu sistem ən çətin hava şəraitində müşahidəyə imkan verir. Bu sistem dəniz üzərində 25 metrlik yüksəklikdə qurulduqda 1200 tonluq obyekti 23 dəniz mili, 400 tonluq obyekti 16 dəniz mili, 4.5 tonluq kiçik obyektləri 3 dəniz mili məsafədən müəyyənləşdirə bilir. Bu sistem mürəkkəb hava şəraitlərində axtarış xilasetmə işlərində də naviqasiyanın təhlükəsizliyini təmin edir. Obyektə hər hansı bir kənar müdaxilə olarsa bu sistemin vasitəsi ilə bütün məlumat mərkəzə ötürülür və müdaxilənin qarşısını almaq üçün həyəcan siqnalı verilir.