26/12/2014 10:13

Azərbaycan sərhədçiləri 2014-cü ilə uğurlarla yekun vurdular – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) 2014-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, tədbirdə Azərbaycan Sərhəd Mühafizəsi üçün 2014-cü il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, sərhəd mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi üzrə geniş miqyaslı tikinti-quruculuq işlərinin aparılması, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyul ayının 18-də DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nun açılışını etməsi, yeni sərhəd gözətçi gəmilərinin üzmə qabiliyyəti və döyüş imkanları ilə tanış olması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, Dövlət Sərhəd Xidmətinin komandanlığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını 5 orden, 44 medalla, 2 fəxri adla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

2014-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə olunmuş nailiyyətlər sırasında:
– İyun ayının 24-də Azərbaycan Silahlı Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimində DSX bölmələrinin qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri;
– Noyabr ayının 4-6 tarixlərində DSX-nin «Ağgöl» təlim mərkəzində «Azərbaycan Respublikası ərazisinə düşmənin terror-təxribat qruplarının hücumlarının qarşısının alınması və məhv edilməsi» mövzusunda DSX-nin çevik hərəkət bölmələrinin, döyüş helikopterlərinin, zirehli texnikanın, artilleriya və zenit-raket komplekslərinin iştirakı ilə döyüş atışlı taktiki təlimlərin keçirilməsi, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığının nümayiş etdirilməsi;
– Azərbaycanın dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanlarının gücləndirilməsi, yeni gəmilərin dəniz kampaniyasına qəbul olunması, 52 dəniz sərhədçisinin xaricdə xüsusi kurslara cəlb olunmaları, yeni gəmilər üçün idarəetmə heyətlərinin hazırlanması;
– Dekabr ayının 10-12 tarixlərində «DSX-nin qüvvə və vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölməsində neft-qaz infrastrukturlarına qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüvvələrinin aşkarlanması, raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının aparılması» mövzusunda 36 üzmə vasitəsi, 4 helikopter, 800 nəfər şəxsi heyət cəlb olunmuş iri miqyaslı taktiki təlimlərin uğurla keçirilməsi, Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının müvəffəqiyyətlə yerinə yetirilməsi;
– Sərhəd aviasiyasının xidmət-döyüş imkanlarının və uçuş vasitələri ekipajlarının peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən ilk dəfə olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi, idarə olunmayan, həmçinin idarə olunan raketlərdən və topdan praktiki döyüş atışlarının yerinə yetirilməsi, tək cütlük və iki cütlük tərkibində dövlət sərhəd xətti üzrə uçuşların həyata keçirilməsi;
– Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində «Valideyn günləri»nin keçirilməsi təcrübəsinin uğurla davam etdirilməsi, hesabat dövründə 72 bu cür görüşün keçirilməsi qeyd olunmalıdır.

Müşavirədə qeyd olunub ki, bu il Azərbaycanın dövlət sərhədini pozduğuna görə 423, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16002 nəfər saxlanılıb. Saxlanılanların 46,1% Azərbaycan, 18,7% Özbəkistan, 6,4% İran, 4,5% Moldova, 4,3% Əfqanıstan, 3,8% Türkiyə, 3,1% Gürcüstan, 2,6% Ru­siya, 2,6% Suriya, 1,9% Nigeriya, 1,9 % Ukrayna, 4,1% digər ölkə vətəndaşları olub.

Hesabat dövründə sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda odlu silahdan istifadə olunub. Sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silahın tətbiqi zamanı 2 İran vətəndaşı vəfat edib, DSX-nin 1 zabiti yaralanıb.

İl ərzində 2553 nəfər axtarışda olan şəxs tutulub, 272 nəfər saxta, 42 nəfər özgəsinin sənədi ilə və 10 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

2014-cü il ərzində 9 milyon 406 min manat dəyərində qaçaqmal tutulub, 317 kq 715 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 26,7 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 2 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 1 Azərbaycan vətəndaşı barədə müvafiq tədbirlər görülüb. Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 53, Rusiyaya məxsus 28, İrana məxsus 8, Qazaxıstana məxsus 3 gəmiyə, Azərbaycana məxsus 404 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 27 gəmi, Rusiyaya məxsus 3 gəmi, İrana məxsus 3 gəmi, Qazaxıstana məxsus 1 gəmi və Azərbaycana məxsus 254 qayıq, o cümlədən 418 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 2 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 5 nəfər vətəndaş xilas edilib. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri – 26,2 min metr tor yığılıb.

Hesabat ilində dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzil inşa olunub. 342 xidməti mənzil istifadəyə verilib.

Hesabat müşavirəsinin sonunda Azərbaycan prezidentinin sərəncamları ilə təltif olunmuş hərbi qulluqçulara orden, medallar və fəxri adların döş nişanları təqdim olunub.