14/02/2014 08:56

Azərbaycan sərhədçiləri yanvarda dövlət sərhədini pozmuş 30 nəfəri saxlayıblar

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014-cü ilin yanvar ayında dövlət sərhədini pozduqları üçün 28 halda 30 nəfər saxlanılıb. Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Saxlanılanlardan 14 nəfəri Azərbaycan, 9 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Gürcüstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Qana vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 9 nəfər, Xəzər dənizində 18 halda 24 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 187 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 6 kiloqram 943 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Yanvar ayının 5-də saat 20:00 radələrində Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 4 nəfərdən ibarət silahlı qaçaqmalçı qrupun İrandan Azərbaycana keçmə cəhdinin qarşısı alınıb. Sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı silah tətbiq olunub. Sərhədçilər tərəfindən silahlı basqın dəf olunub və sərhəd pozucuları geri qaçmağa məcbur ediliblər. Hadisə yerinə baxış zamanı ərazidə 4 kiloqram tiryək və 1 kiloqram heroin aşkar olunaraq götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 54 halda ümumi dəyəri təqribən 368 min manat olan qaçaqmal, o cümlədən AKM üçün 1 ədəd daraq, 1 ədəd pnevmatik tapança, 8 ədəd 7,62 millimetrlik patron, 10 ədəd 16 millimetrlik patron, 0,3 kiloqram barıt, 126 ədəd daraq çantası, 126 ədəd patron çantası, 6832 ədəd pirotexniki vasitə, 1 ədəd kater, 1 ədəd qayıq, 232 ədəd mobil telefon, 35770 qutu siqaret, 2500 litr dizel yanacağı, 11 baş iribuynuzlu qaramal, müxtəlif növ dərman preparatları, spirtli içki və sənaye malları saxlanılıb.