11/03/2014 12:18

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL QAYDALARI

Hərbi həkim işi ixtisası üzrə 2014-2015-ci tədris ili üçün qəbul qaydaları

I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili : Azərbaycan dili
Təhsil forması : əyani
Təhsil müddəti : 6 il
Yaş həddi : carı ildə ümumtəhsil məktəbinin 11-ci sinfində oxuyan, 15 sentyabr 2014-cü ilə qədər 17 yaşı tamam olan və 19 yaşı keçməyən Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) qəbul edilirlər. Hərbi Tibb Fakültəsinə qəbul olan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar.

II. SƏNƏDLƏRİN QƏBULU:
Hərbi həkim işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 2014-cü il aprel ayının 1-dən may ayının 30-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– tərcümeyi-hal;
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (notarius tərəfindən təsdiq olunmuş);
– xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış – forma № 63);
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz 3×4 sm ölçüdə);
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri;
– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
– qanın ümumi analizi, qan qrupu və rezus faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri;
– qanın hepatit C və B-yə aid müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, çağırışçının qeydiyyat vərəqəsi, tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.

QEYD: Namizədlər istənilən səbəbdən Hərbi Tibb Fakültəsində təhsil almaqdan imtina etdikləri halda Azərbaycan Tibb Universitetindən xaric olunacaqları barədə öhdəlik götürürlər.

III. Hərbi Tibb Fakültəsinə qəbul iki mərhələdə həyata keçirilir:
Birinci mərhələdə namizədlər Hərbi Tibb Fakültəsində hərbi həkim komissiyasından keçməlidirlər.
Naxçıvan Muxtar Respublikasmda yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Hərbi həkim işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olunmaq üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılırlar.
İkinci mərhələdə namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən IV ixtisas qrupu üzrə test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
– Azərbaycan dili;
– Biologiya;
– Kimya;
– Fizika;
– Riyaziyyat.

Namizədlər Hərbi Tibb Fakültəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan müsabiqə əsasında qəbul edilirlər.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur.
Ünvan:Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi.
Əlaqə telefonu: (012) 541-13-36.