17/07/2013 09:57

Azərbaycan-Türkiyə birgə təliminin açılışı olub

Bu gün Silahlı Qüvvələrin Qaraheybət Təlim Mərkəzində Azərbaycan-Türkiyə birgə təliminin açılış mərasimi keçirilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.Tədbirdə çıxış edən Silahlı Qüvvələrin Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Eyvaz Cəfərov Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirərək qeyd edib ki, hər iki ölkə rəhbərlərinin iştirakı ilə 2011-ci ildə İzmirdə, 2012-ci ildə isə Qəbələdə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasları mühüm əhəmiyyət daşıyır.

“İlk dəfə keçirilən genişmiqyaslı birgə təlim yüksək səviyyədə qəbul edilmiş qərarların nəticəsidir”, – deyə general bildirib.

Tədbirdə həmçinin vurğulanıb ki, tərəflər bu birgə təlimi keçirməklə hər iki dövlət rəhbərliyinin qarşıya qoyduğu mühüm tapşırıqları icra etmiş olacaqlar. General-mayor Eyvaz Cəfərov onu da bildirib ki, bu təlimlər Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması, əməliyyat uzlaşmasının əldə edilməsi, o cümlədən regionda təhlükəsizlik və stabilliyin təmin edilməsi baxımından çox vacibdir.

Azərbaycan-Türkiyə birgə təlimləri bundan sonra hər il növbə ilə Azərbaycan və Türkiyədə keçiriləcək.