19/08/2014 06:38

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri hərbi gərginlik dövründə enerji və nəqliyyat infrastrukturlarının mühafizəsi məsələlərini müzakirə edəcəklər

Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin Naxçıvan görüşündə müdafiə sahəsində əməkdaşlıqla yanaşı böhran vəziyyətlərində və hərbi gərginlik dövründə üç ölkənin silahlı qüvvələri tərəfindən dəmir yolu infrastrukturu, neft və qaz kəmərlərinin və rabitə infrastrukturunun qorunması ilə bağlı məsələlər müzakirə olunacaq. “AzeriDefence”nin Gürcüstan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın müdafiə naziri İraklii Alasaniya bildirib.

Nazir üçtərəfli görüş üçün uzun müddətdir hazırlıq getdiyini vurğulayıb: «Ötən il belə görüş Gürcüstan tərəfinin təşəbbüsü ilə keçirilib. Bu, üç ölkənin müdafiə nazirlərinin Azərbaycanda ilk rəsmi görüşüdür. Vurğulamaq istəyirəm ki, görüşün yeganə məqsədi təhlükəsizliyin tənzimlənməsi məsələləridir. Bu görüş heç bir dövlətə qarşı yönəlməyib».

Qeyd edək ki, artıq Gürcüstanın və Azərbaycanın müdafiə nazirləri Naxçıvan şəhərindədirlər. Səfər çərçivəsində Gürcüstanın və Azərbaycanın müdafiə nazirləri arasında ikitərəfli və Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli görüş keçiriləcək. Nazirlər həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ilə də görüşəcəklər.