19/01/2012 11:08

Azərbaycan və ABŞ hərbçiləri görüşdü

Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəhbəri general-mayor Ramiz Nəcəfovun başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtonda səfərdə olub. Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, nümayəndə heyəti Azərbaycan-ABŞ strateji əməkdaşlığının həlledici elementi olan müdafiə məsələlərinə dair ikitərəfli məsləhətləşmələrdə iştirak edib. Hər il keçirilən məsləhətləşmələrdə məqsəd ikitərəfli hərbi əməkdaşlığa dair məsələləri və gələcək planları müzakirə etməkdir.

Azərbaycanla ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa 2002-ci ildə qanuni status verilib.

Qeyd edək ki, Azərbaycan 11 sentyabr terror aktlarından dərhal sonra terrorla müharibədə ABŞ-a yardımını təklif edən ilk ölkələrdən olub. Azərbaycan Əfqanıstandakı əməliyyatları dəstəkləmək üçün öz hava məkanını və hava limanlarını təklif edib. Bu gün Azərbaycanın strateji əhəmiyyəti getdikcə artır və ölkə Əfqanıstandakı NATO əməliyyatlarını hərtərəfli dəstəkləyir. Şimal Bölgü Şəbəkəsinin əsas hissəsi kimi, Azərbaycan Əfqanıstandakı ABŞ və koalisiya qüvvələrinin 40 faizinin təchizatı üçün quru, hava və dəniz tranzitini təmin edir. Hər il on minlərlə ABŞ və koalisiya qüvvələri Azərbaycanın hava məkanından keçərək Əfqanıstana gedir və qayıdır.