19/12/2013 13:08

Azərbaycan və ABŞ Müdafiə nazirlikləri arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında Sazişin müddəti daha 5 il uzadılır

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında iki məsələyə baxılıb. Bu barədə “AzeriDefence” Milli Məclisin saytına istinadən məlumat verib.

İclasda qeyd olunub ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə” sənəd faktiki olaraq on il əvvəl imzalanmış sazişin müddətinin daha beş il uzadılmasını nəzərdə tutur. Bu sazişin Azərbaycan üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayan deputatlar sənədin Milli Məclisdə ratifikasiya olunmasını vacib sayıblar.

İkinci məsələ isə “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” qanun layihəsidir. Komitə sədri Ziyafət Əsgərov bildirib ki, sənədə edilən dəyişikliklər qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətindən irəli gəlir və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədardır.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.