29/03/2014 09:00

Azərbaycan və Gürcüstan arasında hərbi əlaqələr müzakirə olunub

Müdafiə Nazirliyində Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov M.Darçiaşvilini qəbul edib. Hər iki dövlətin Müdafiə Nazirliklərinin nümayəndələrinin görüşündə ölkələr arasında hərbi və hərbi-təhsil sahələrində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov M. Darçiaşvilini qəbul edib. Görüş zamanı bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri ölkələrin ərazilərindəki mövcud qaynar bölgələrdəki dondurulmuş münaqişələrin regionun inkişafına ciddi maneə olduğunu diqqətə çatdırıb. O, eyni zamanda Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan-Gürcüstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.