16/05/2014 09:41

Azərbaycan və Gürcüstan arasında sərhəd mühafizəsi sahəsində əməkdaşlıq müzakirə olunub

Bakıda səfərdə olan Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze ilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev arasında işçi görüş keçirilib. Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində və sərhəd keçid məntəqələrində əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub. Azərbaycan Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya, qaçaqmalçılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.