16/01/2013 13:32

Azərbaycan və İndoneziya arasında hərbi əməkdaşlıq sazişi imzalanacaq

Yanvarın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İndoneziya Müdafiə Nazirliyinin baş katibi marşal Eris Herryantonu qəbul edib. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Ölkələrarası hərbi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub. Müdafiə naziri qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlumatlandırıb.

Baş katib ölkəsi adından Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.
Görüş zamanı yaxın vaxtlarda İndoneziya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sazişinin imzalanması qərara alınıb.

Görüşdə İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Raden Proyono Atiyanto iştirak edib.