02/02/2012 13:28

Azərbaycan və Pakistan müdafiə sənayesində birgə layihələrə hazırlaşır

Yaxın vaxtlarda Azərbaycan və Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuş görüşün keçirilməsi gündəmdədir. Bu barədə “AzeriDefence” saytına eksklüziv olaraq Pakistanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən və hazırda Azərbaycanla müştərək layihə üzərində işləyən şirkətindən məlumat verilib.

Bu məqsədlə Pakistanın müdafiə təyinatlı məhsullar istehsal edən şirkətlərinin nümayəndələrindən ibarət geniş tərkiblii heyət Bakıya gələcək. Onlar Azərbaycanın müdafiə sənayesi potensialı ilə tanış olacaq, mümkün birgə layihələri müzakirə edəcəklər. Bu çərçivədə mövcud potensialın öyrənilməsi və işbirliyinin qurulması məqsədi ilə Azərbaycan nümayəndə heyətinin də Pakistana səfərlərinin təşkili gündəmdədir.

Hazırda iki ölkə arasında müdafiə sənayesi sahəsində əlaqələr ilkin mərhələdə hesab olunur. Pakistan şirkətləri Azərbaycanın tələblərini qarşılamaq üçün zəruri texnologiyaları Azərbaycana transfer etməyə maraqlıdırlar.

Pakistan tərəfi Azərbaycanla aviasiya, aviasiya silahlanması, eləcə də bir sıra döyüş sursatlarının, artilleriya silahlarının birgə istehsalına hazır olduğunu bəyan edir. Artıq GİDS şirkəti və MSN arasında Bakıda bir yerdə “RPB-1” tipli aviasiya bombalarının istehsalına dair ilkin anlaşma da əldə olunub.