22/04/2014 10:36

Azərbaycan və Qazaxıstan müdafiə nazirlərinin görüşü olub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda rəsmi səfərdə olan Qazaxıstanın müdafiə naziri Serik Axmetovu qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən S. Axmetovun Müdafiə Nazirliyində qarşılanma mərəsimi keçirilib. Qazaxıstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq S. Axmetov “Şərəf Kitabı”nı imzalayıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Z.Həsənov iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib. Regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu, problemin beynəlxalq hüquq normalarına uyğun həllinə nail olunmasının vacibliyini bildirib.

Öz növbəsində S. Axmetov dövlətlərarası əlaqələrin möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını, Qazaxıstanla Azərbaycanın iqtisadi, siyasi, hərbi sahədə yaxın mövqedən çıxış etməsi ilə yanaşı, Xəzər dənizi məsələsində də vacib tərəfdaş olduqlarını qeyd edib.

Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldı Jumabayev də iştirak edib.