27/07/2014 18:13

Azərbaycan və Rusiya sərhədçilərinin dəniz təlimi başa çatıb

Azərbaycan və Rusiya sərhədçilərinin iştirakı ilə 21-24 iyul tarixlərində Rusiyanın Maxaçqala limanının cənub istiqamətində Xəzər dənizində bioloji resursların qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya və qaçaqmalçılığa qarşı mübarizə aparılması mövzusunda geniş miqyaslı təlimlər keçirilib. Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin 2014-2015-ci illərdə birgə tədbirlər Planı”na əsasən keçirilən təlimdə Azərbaycan tərəfdən DSX Sahil Mühafizəsinin 2-ci dərəcəli 701-ci sərhəd gözətçi gəmisi və 2 itisürətli kater, Rusiya Federasiyası tərəfdən isə 3 gəmi, 1 itisürətli kater iştirak edib.

Təlim qarşılıqlı əlaqələrin yaradılması və məlumat mübadiləsinin aparılması, qüvvə və vasitələrin təyin olunmuş rayona çıxarılması, sərhədi pozmuş üzmə vasitəsinin axtarışının həyata keçirilməsi, aşkarlanması və təqib edilməsi, xəbərdarlıq atəşi ilə gəminin dayandırılması, baxış qrupunun qayıq vasitəsi ilə baxış keçirilən gəmiyə çıxarılması, baxışın aparılması və gəminin saxlanılması taktiki epizodlarından ibarət olub.

Təlim zamanı qarşıya qoyulmuş vəzifələr tam həcmdə yerinə yetirilib. Azəbaycan və Rusiya sərhəd gözətçi gəmilərinin şəxsi heyəti tərəfindən yüksək məharət və peşəkarlıq nümayiş etdirilib.