04/04/2013 08:42

Azərbaycan və Səudiyyə Ərəbistanı Sərhəd xidmətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəisi general-leytenant Zümeyyim bin Cuveybur Əs-Səvvatın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 1-də Azərbaycana səfərə gəlib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə DSX-nin mətbuat mərkəzi məlumat yayıb.

Səfər çərçivəsində nümayəndə heyəti DSX rəisi tərəfindən qəbul edilib. Görüşdə Azərbaycanın sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri barədə məlumat verilib.

Müzakirələr zamanı sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin yaradılması və inkişafı, qeyri-leqal miqrasiya, narkotik maddələrin qaçaqmalçılığı, transsərhəd cinayətkarlıqla mübarizə haqqında, o cümlədən dəniz sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti DSX-nin Sahil Mühafizəsinə, Akademiyasına, Aviasiya dəstəsinə, “Sərhədçi” idman olimpiya mərkəzinə, Xüsusi məktəbinə və digər hərbi hissələrinə səfər edib. Səfər aprelin 4-ü başa çatır.