26/12/2013 07:36

Azərbaycan və Türkiyə arasında hərbi əlaqələrə bəzi Türk firmalarının məsuliyyətsizliyi mənfi təsir göstərir

Azərbaycan və Türkiyə arasında hərbi ticarət dövriyyəsinin istənilən səviyyədə olmamasına səbəb bir çox türk firmalarının fəaliyyətindəki qüsurlardır. Bu barədə “AzeriDefence”yə Azərbaycan hökumətinin adının çəkilməsini istəməyən yüksək vəzifəli rəsmisi bildirib.

Rəsmi Bakının Türkiyə ilə hərbi-texniki və müdafiə sənayesi sahəsində əlaqələri genişləndirməyə maraqlı olduğunu və önəm verdiyini deyən hökumət nümayəndəsinin sözlərinə görə, bəzi Türk firmaları bu məsələdə “ümidləri doğrultmur”.

Azərbaycanın hərbi qurumlarına müraciət edib, öz məhsullarını təqdim edən Türk firmalarının sayının onlarla olduğunu deyən hökumət nümayəndəsinin sözlərinə görə, bu firmaların bəziləri yüzdə-yüz Türkiyə istehsalı adı altında xarici ölkələrdə, o cümlədən İsraildə, İtaliyada, CAR-da, İspaniyada və s. ölkələrdə istehsal olunmuş məhsulları satmaq istəyirlər.

“Təsəvvür edin, İsrail və ya İtaliya istehsalı olan zirehli maşını və ya digər avadanlığı baha qiymətə dilerdən almaq nə deməkdir? Halbuki bu sistemləri istehsalçı firma özü birbaşa və daha münasib qiymətə təqdim edir”.

Hökumət nümayəndəsi konkret ad çəkməsə də indiyədək xeyli sayda Türk firmasının müqavilələri öhdəlikləri yerinə yetirə bilməməsi, məsuliyyətsiz yanaşması barədə Azərbaycanın müvafiq qurumlarının Türkiyənin Müdafiə Sənayesi Katibliyinə şikayət etdiklərini söyləyib.

Hökumət rəsmisi onu da əlavə edib ki, bu səbəblərdən Azərbaycanın hərbi qurumları ASELSAN, Otokar, ROKETSAN, MKE kimi firmalarla işləməyə daha çox diqqət yetirirlər.