09/05/2013 14:16

Azərbaycan və Türkiyə müdafiə sənayesi güclərini birləşdirir

İDEF-2013 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Türkiyənin Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Katibliyi (SSM) arasında əməkdaşlıq protokolu imzalanıb. “AzeriDefence”nin xəbərinə görə, protokolu Azərbaycan tərəfdən müdafiə sənayesi naziri Yavər Camalov, Türkiyə tərəfdən isə müdafiə sənayesi katibi Murad Bayar imzalayıb.

Sənəd Azərbaycan MSN ilə Makina və Kimya Sənayesi Qurumu (MKE), ROKETSAN və Otokar şirkətləri arasında perspektiv birgə layihələri əhatə edir.

Tədbirdə iştirak edən Türkiyənin müdafiə naziri İsmət Yılmaz iki ölkə arasında hər bir sahədə olduğu kimi müdafiə sənayesi sektorunda da əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Nazir müdafiə sənayesində birgə proyektlərin iki ölkənin ordularının güclənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Müdafiə sənayesi naziri Yavər Camalov isə Azərbaycan və Türkiyə müdafiə sənayesinin hazırda birgə layihələr üzərində işlədiyini vurğulayıb.