15/03/2012 08:07

Azərbaycanda “gələcəyin əsgəri”nin döyüş dəsti hazırlanacaq

Azərbaycanda “gələcəyin əsgəri”nin döyüş dəsti hazırlanacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Azərbaycanın APA informasiya agentliyi məlumat yayıb.Agentliyin məlumatına görə, hazırda bu layihənin reallaşdırılması üçün silahlı qüvvələrin müvafiq strukturları tərəfindən müxtəlif ölkələrin analoji təcrübələri öyrənilir. Böyük maliyyə tutumu olacaq “gələcəyin əsgəri”nin təchizatı ilə başlanğıcda müqavilə əsasında təşkil olunmuş bölmələrin şəxsi heyəti təmin olunacaq.

Təchizatın hazırlanmasına nə vaxt başlanılacağı və bu prosesin hansı müddətə başa çatacağı barədə məlumatlar açıqlanmır. Buna qədər isə bir neçə bölmənin test olaraq xarici ölkələrin birində yaradılmış analoji döyüş dəsti ilə təmin olunması gözlənilir.

Təchizata ən müasir rabitə vasitələri, optik və termal görüş sistemləri, kameralar, döyüş meydanını müşahidə etmək və məlumatları mərkəzə ötürmək üçün kamera, standart döyüş silahı, ən müasir, nanotexnologiyalara əsaslanan uniforma, fərdi mühafizə vasitələri, əl kompyuteri və s. daxil olacaq.

Qeyd edək ki, hazırda 20 ölkədə “gələcəyin əsgəri” (Future Solider) təchizatının yaradılması istiqamətində işlər aparılır. Bunlardan Almaniyada IdZ, Fransada FELIN, Böyük Britaniyada FIST, İspaniyada COMFUT, Avstraliyada “Land 125”, CAR-da “African Warrior”, İtaliyada “Soldato Futuro”, Norveçdə NORMANS, Çində “Warrior of the 21st Century”, Sinqapurda “Advanced Combat Man System”, İsraildə ANOG, Çexiyada “21st Century soldier”, Rumıniyada RIFS, Serbiyada VB-10, Türkiyədə isə “Tek Er” kimi proqramlar var. Dünyadakı mövcud “gələcəyin əsgəri”nin döyüş təchizatlarının qiyməti 30 min-80 min ABŞ dolları arasında dəyişir.