31/07/2013 14:24

Azərbaycanda istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötüb

Müdafiə Sənayesi Nazirliyində kollegiya iclasları keçirilibMüdafiə Sənayesi Nazirliyində (MSN) nazir Yavər Camalovun sədrliyi səyyar kollegiya iclasları keçirilib. Bu barədə AzeriDefenceyə MSN-in mətbuat xidmətindən məlumat verilib.

İclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib. Bildirilib ki, aparılan məqsədyönlü işlər nəticəsində nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilib.

Hesabat dövründə 2013-cü il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eyni zamanda mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.

2013-cü ilin birinci yarısında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 86,4%-ni müdafiə və xüsusi təyinatlı, 13,6%-ni isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötüb.

2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işlərinə başlanılıb. Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 11 mövzu üzrə elmi tədqiqat və təcrübi konstruktor işləri uğurla davam etdirilir.

Cari ildə prezident İlham Əliyevin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində iki yeni istehsal sahəsinin – Şərq İstehsalat Birliyinin “Telemexanika” zavodunda iriçaplı patronların istehsalı və Üfiq İstehsalat Birliyinin Şirvan “Araz” zavodunda döyüş sursatlarının utilizasiya mərkəzlərinin açılışları olub. 2013-cü ildə təhvil verilməsi nəzərdə tutulan digər yeni istehsal sahələrində isə son tamamlanma işləri aparılır.

Kollegiyada qeyd olundu ki, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir. İlk dəfə 27 adda müdafiə təyinatla məmulatla beynəlxalq sərgiyə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin may ayında Türkiyədə keçirilən İDEF-2013 sərgisində 130 adda məmulatla təmsil olunub. Ötən sərgilərdə olduğu kimi, İDEF-2013 sərgisində də nazirliyin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib.

Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib. Nazir prezident İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.