30/01/2013 06:57

Azərbaycanda minatəmizləmə ilə bağlı iki beynəlxalq təlimin keçirilməsi planlaşdırılır

Bu il Azərbaycanda minatəmizləmə ilə bağlı iki beynəlxalq təlimin keçirilməsi planlaşdırılır. Bu barədə “AzeriDefence”yə açıqlamasında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov məlumat verib.

N. İsmayılovun sözlərinə görə, bu təlimlər Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GİCHD) dəstəyi ilə keçiriləcək. Təlimlərdə bir çox ölkələrdən minatəmizləmə mərkəzlərinin nümayəndələrinin iştirakı planlaşdırılır.

ANAMA direktoru təlim kurslarının tarixi barədə məlumat verməyib. Onun sözlərinə görə, regional minatəmizləmə mərkəzinə çevrilmiş ANAMA tərəfindən son illərdə mütəmadi olaraq bu tip təlimlər təşkil olunur.