25/04/2013 06:32

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı 2,6 dəfə artıb

Cari ilin birinci rübündə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı 2,6 dəfə artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərində 3,8 dəfə artım olub. “AzeriDefence”nin MSN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə MSN müəssisələrində 2013-cü ilin birinci rübünün yekunlarına dair keçirilən kollegiya iclasında bildirilib.

Nazir Yavər Camalovun rəhbərliyi ilə keçirilən iclasda qeyd olunub ki, birinci rübdə istehsal olunaraq sifarişçilərə təhvil verilən məmulatlardan PKM pulemyotunu, 60 mm-lik minaatanı, “Zəfər-K” tipli tapançanı, AK-74M tipli avtomatı, müxtəlif növ döyüş və siqnal patronlarını, əl qumbarasını, tank əleyhinə minanı, atıcı silahları, zirehli texnikanın ehtiyat hissələrini və digər məmulatları göstərmək olar.

2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələrində yaradılma üzrə 71 mövzu və 212 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.

Kollegiyada həmçinin qeyd olunub ki, MSN may ayında Türkiyənin İstanbul şəhərində keçiriləcək IDEF-2013 sərgisində 130 adda məmulat nümayiş etdirəcək. Bu sərgidə, ilk dəfə olaraq 7,62×54 mm-lik “Gürzə” pulemyotu, 7,62×51 mm-lik “Yalquzaq” snayper tüfəngi, 7,62×54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” patrul maşını, “Aerostar” və “Orbiter” tipli pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş etdiriləcək. Azərbaycan tarixində ilk dəfə olaraq 2014-cü ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisi üçün artıq hazırlıq işlərinə başlanıb.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib. Hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən görülmüş işlər müsbət qiymətləndirilib.