25/01/2013 06:55

Azərbaycanda polimer tapança istehsal edilə bilər – EKSKLÜZİV

TİSAŞ firması ilə danışıqlar başlayıbAzərbaycan Türkiyə ilə birgə polimer gövdəli tapança istehsal edəcək. Bu barədə “AzeriDefence.com” saytına TİSAŞ firmasının rəhbəri Əhməd Aləmdaroğlu bildirib.

TİSAŞ-ın bir neçə il əvvəl polimer tapança istehsalına başladığını deyən şirkət rəhbərinin sözlərinə görə, Azərbaycan tərəfi belə bir tələbin olduğunu söyləyib. Hazırda bununla bağlı müzakirələr aparılır.

“Bizim istehsalımız olan polimer tapançanı nümunə olaraq Azərbaycana göndərəcəm. Testlər keçirildikdən sonra müvafiq qərar verilərsə Azərbaycanla bu modeli də istehsal edə bilərik”,- deyə firma rəhbəri vurğulayıb.

Ə. Aləmdaroğlunun sözlərinə görə, polimer tapança öz çəkisinə görə (650 qram) adi tapançalardan öz çəkisinin yüngüllüyü ilə fərqlənir.

Şirkət rəhbəri Azərbaycanla birgə əməkdaşlığın uğurla davam etdiyini deyib.

Qeyd edək ki, hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin İqlim müəssisəsi hazırda TİSAŞ firması ilə birgə 3 modeldə – “İnam”, “Zəfər” və “Zəfər-K” adı verilmiş tapançaların istehsalını həyata keçirir.

QEYD: TİSAŞ firmasının rəhbəri Ə. Aləmdaroğlunun Azərbaycanla birgə istehsal sahəsində görülən işlərə dair açıqlamaları AZERİ DEFENCE jurnalının 3-cü sayında yer alacaq.