27/12/2014 13:33

Azərbaycanın bu hərbi məktəbi 32 ölkəyə 5 mindən çox dənizçi zabit hazırlayıb –FOTOLAR

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin yaradılmasının 75 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev tədbir iştirakçılarına müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubunu çatırıb.

Məktubda qeyd olunub ki, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi fəaliyyət göstərdiyi 75 il ərzində şanlı bir yol keçmiş, hərbi donanma üçün minlərlə yüksək ixtisaslı kadrlar yetişdirmişdir. Məktəbin məzunları Böyük Vətən müharibəsinin ilk günlərindən döyüş əməliyyatlarında iştirak edərək böyük fədakarlıqlar göstərblər. Məktəbin yetirmələrindən 20 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərindəki fəaliyyətinə görə məktəbə əsgəri şərəf və şöhrət rəmzi olan Qırmızı Bayraq verilib.

Məktəbdə xüsusi fakültələrin mövcud olduğu dövrdə Avropa, Asiya, Afrika və Latın Amerikasının 32 ölkəsinin gəncləri burada təhsil alıb və həmin ölkələrin hərbi dəniz qüvvələri üçün 5 mindən çox dənizçi zabit hazırlanıb. Məktəb Kuba, Almaniya və Vyetnam dövlətlərinin yüksək ordenlərinə layiq görülüb.
Ali Hərbi Dənizçilik Məktəbi 1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyinin tabeçiliyinə verilərək Bakı Ali Hərbi Dənizçilik Məktəbi kimi fəaliyyətini davam etdirib. 20 avqust 2001-ci il tarixdə isə ümummilli lideri Heydər Əliyevin fərmanı ilə Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlığının sonrakı inkişafı nəzərə alınaraq Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilib və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırılıb.

“Ulu Öndərimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə məktəbə daim diqqət və qayğı göstərmiş, maddi-tədris bazasının möhkəmləndirilməsi üçün səylərini əsirgəməyib. Dəfələrlə buraxılış mərasimlərində iştirak edərək göstəriş və tövsiyələrini verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu ənənəni uğurla davam etdirir. Digər xüsusi təyinatlı təhsil müəssisələri kimi Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi də ölkə rəhbərliyinin diqqət mərkəzindədir”, – deyə məktubda qeyd olunub.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor M.Almazov çıxışında bu məktəbin məzunu olduğundan qürur duyduğunu bildirib.

Mərasimdə Ali Hərbi Dənizçilik Məktəbinin tarixinə dair film nümayiş olunub.

Sonra məktəbin hərbi xidmətdə fərqlənən hərbi qulluqçularına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.