24/04/2015 18:53

Azərbaycanın fövqəladə hallar naziri NATO-da olub

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə NATO-nun mənzil qərargahında rəsmi səfərdə olub.

Bu barədə “AzeriDefence” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verib.

NATO-ya səfəri çərçivəsində K. Heydərov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, təşkilatın Baş katibinin Əməliyyatlar üzrə müavini Stefen Evans və Baş katibin birinci müavini Aleksandr Verşbou ilə görüşlər keçirib.

Görüşlərdə qarşı tərəf Azərbaycanın NATO-nun güclü və etibarlı tərəfdaşı olduğunu bildirmiş, təşkilatın müvafiq strukturları ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin hazırki səviyyəsindən məmnunluq ifadə edib. Xüsusilə NATO-nun Avro-Atlantika Fəlakətlərə Cavabvermə Mərkəzinə könüllü milli töhfə qismində nazirliyin əməkdaşlarının daimi ezam olunmasını yüksək qiymətləndirib. Nazir Kəmaləddin Heydərov Mülki-Fövqəladə Planlama strukturları çərçivəsində NATO ilə əməkdaşlığın Fövqəladə Hallar Nazirliyi üçün əhəmiyyətini qeyd edib, bu əməkdaşlıqdan qazanılmış təcrübənin Azərbaycan tərəfi üçün mühüm olduğunu diqqətə çatdırıb.