28/01/2012 16:46

Azərbaycanın fövqəladə hallar naziri Tatarıstana səfər edib

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Rusiya Federasiyasının Tatarıstan Respublikasına səfər edib. Kazan şəhərinə gələn Azərbaycan nümayəndə heyətini Tatarıstanın baş naziri, Kazan mülki müdafiə idarəsinin rəisi və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “İT Park” adlı yüksək texnologiyalar sahəsinə baş çəkib. Burada “112” vahid telefon nömrəsi vasitəsilə təcili xidmətlərin çağırışının təminatı sisteminin pilot layihəsi ilə tanış olublar. Burada Azərbaycan heyətinə sistemin iş prinsipi əyani nümayiş etdirilib. Böyük monitorda real vaxt rejimi rejimində GPS və QLONASS-ın peyk sistemlərinin köməyi ilə xüsusi nəqliyyatın sürət rejimi izlənilib. Qeyd olunub ki, vahid telefon nömrəsi vasitəsilə təcili xidmətlərin çağırışı sisteminin layihəsi qısa müddətə fövqəladə vəziyyətin baş verdiyi yeri aşkar etməyə və operativ xidmətləri ora yönləndirməyə imkan verir.

K. Heydərov səfər çərçivəsində həmçinin Tatarıstan FHN-in Baş İdarəsində yanğın söndürmə texnikaları sərgisi və Rusiya FHN-in Tatarıstan Respublikası üzrə idman maneji ilə tanış olub.

Daha sonra keçirilən ikitərəfli görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan FHN-nin nümayəndə heyəti səfər çərçivəsində Tatarstanın ən böyük müəssisələrindən “Kazan helikopter zavodu”nda, “KAMAZ” ASC-də, “Taneko” ASC-də də olacaq.