30/04/2015 20:50

Azərbaycanın fövqəladə hallar naziri Türkiyə Quru Qoşunlarının qərargah rəisini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence” FHN-nin saytına istinadən xəbər verib.

Nazir Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. O, bu sahədə Türkiyənin uyğun qurumları ilə uğurlu əməkdaşlığın davam etdirildiyini də vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Quru Qoşunlarının qərargah rəisi general-leytenant İhsan Uyar qardaş ölkənin ordusunun müvafiq qurumlarının Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb, bu əlaqələrin geniş perspektivlərinin mövcudluğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.