30/05/2014 07:02

Azərbaycanın müdafiə naziri Gürcüstanda – FOTOLAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb. Bu barədə “AzeriDefence” Gürcüstan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verib.

Bu gün Gürcüstan Müdafiə Nazirliyində Zakir Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib. Qonağı Gürcüstanın müdafiə naziri İrakli Alasaniya qarşılayıb.

Daha sonra iki ölkənin müdafiə nazirləri arasında təkbətək görüş başlayıb.

Zakir Həsənov Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların şərəfinə ucaldılan abidəni ziyarət edəcək.

Azərbaycanın müdafiə nazirinin Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə də görüşü gözlənilir. Nazir daha sonra Krtsanisi Təlim Mərkəzində olacaq, “Delta” Elmi Hərbi Texniki Mərkəzinin istehsalı olan hərbi texnika və avadanlığa baxış keçirəcək, Gürcüstan Silahlı Qüvvələrinin etnik azərbaycanlı olan nümayəndələri, bir sıra nazirlərlə görüşəcək.

Zakir Həsənovun səfəri mayın 30-dək davam edəcək.

Qeyd edək ki, səfərdə Z. Həsənovun başçılıq etdiyi nümayəndə heyətində müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev, nazir müavini, general-leytenant Kərim Vəliyev, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və digər şəxslər təmsil olunurlar.