31/01/2014 11:07

Azərbaycanın müdafiə naziri Serbiya səfirini qəbul edib

Yanvarın 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın Azərbaycandakı səfiri cənab Zoran Vayoviçi qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələlər müzakirə olunub.

General-polkovnik Zakir Həsənov Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həllində Serbiyanın göstərdiyi dəstəyə görə səfirə minnətdarlığını bildirib.

Öz növbəsində səfir Zoran Vayoviç ölkələr arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulayıb, Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd edib.