11/03/2015 14:35

Azərbaycanın müdafiə naziri Xorvatiyada səfərdədir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyaya rəsmi səfəri başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xorvatiyanın Müdafiə Nazirliyində general-polkovnik Z.Həsənovun Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviç tərəfindən qarşılanma mərasimi keçirilib.

Protokola uyğun olaraq çüdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra nazirlərin görüşü keçirilib.

Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

General-polkovnik Zakir Həsənovun Xorvatiyanın xarici işlər nazirinin birinci müavini Yoşko Klisoviçlə keçirilən görüşdə hər iki ölkənin yerləşdiyi coğrafi regionlardakı təhlükəsizlik və qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

General-polkovnik Z.Həsənov Ermənistanın Cənubi Qafqaz bölgəsindəki sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasını diqqətə çatdırıb.

Xorvatiyanın İqtisadiyyat Palatasında olan müdafiə naziri general-polkovnik Z.Həsənov Palatanın sədri Luka Buriloviçlə görüşüb. Tərəflər ölkələr arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Sonra müdafiə nazirinə Xorvatiyanın müdafiə sənayesinə daxil olan şirkətlər haqqında geniş prezentasiyalar təqdim olunub.