21/11/2014 13:34

Azərbaycanında 2500 metr hündürlükdə yerləşən 3 sərhəd zastavası təmirdən sonra istifadəyə verilib – FOTO

Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, mürəkkəb relyefə malik dağlıq ərazilərdə və əməliyyat şəraiti gərgin olan istiqamətlərdə xidmət keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdirilir.Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzeriDefenceyə verilən məlumata görə, noyabr ayının 18-də Lənkəran sərhəd dəstəsinin dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşən, çətin iqlim şəraitinə malik olan “Qızyurdu”, “Törədi” və “Hamoşam” sərhəd zastavası kompleksləri əsaslı təmirdən sonra xidməti istifadəyə verilib.

Mərasimdə DSX rəisinin müavini general-mayor Azad Ələkbərov, Lənkəran sərhəd dəstəsinin rəisi polkovnik Zaur Zeynalov, yerli ictimaiyyət nümayəndələri, sərhəd məntəqələrinin şəxsi heyəti iştirak ediblər.

Təşkil olunmuş mərasimdə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin təmin olunması qeyd olunub. Açılış mərasiminin bu ali diqqətin növbəti təzahürü olması vurğulanıb.

Mərasim iştirakçıları sərhəd zastavalarında yataqxana, yeməkxana, istirahət, təlim şəhərcikləri, xüsusi təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxanalar, idman meydançaları, avtomobillərin texniki sazlığının yoxlanılması və təmir edilməsi üçün qarajlar, zabit və gizirlər üçün zəruri mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər ilə tanış olublar.