13/09/2018 17:50

AzTU-nun “Xüsusi texnika və texnologiya” fakültəsinin 44 məzunu MSN müəssisələrində işlə təmin olunub

Azərbaycan Texniki Universitetində (AzTU) yaradılmış “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunlarının işlə təmin olunmasına dair AzTU və Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşlarından ibarət komissiyanın iclası keçirilib.

Bu barədə “AzeriDefence”yə MSN-in mətbuat xidmətindən məlumat verilib.

İclasda komissiya üzvləri ilə yanaşı Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin rəhbər şəxsləri də iştirak ediblər.

Komissiyanın iclasında “Xüsusi texnika və texnologiya” fakültəsinin 2018-ci il məzunları arasında ixtisas üzrə bölgü aparılıb. MSN-in müəssisələrində işlə təmin olunması üçün ixtisası, təhsildəki göstəricisi və istəyi nəzərə alınmaqla 44 məzun seçilib. Seçilən məzunlar arasında bu il hərbi xidməti başa vurmuş gənclər olub. Seçim zamanı “Xüsusi texnika və texnologiya” fakültəsinin magistratura pilləsində təhsil alan tələbələrin təyinatı isə ümumi razılıq əsasında Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Еlmi İstehsalat Müəssisəsinə verilib.

İclasda bildirilib ki, 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Xüsusi texnika və texnologiya” fakültəsini ötən illərdə bitirən 117 məzun nazirliyin müəssisələrində işlə təmin olunub. Hazırda onlar yüksək ixtisaslı kardlar kimi fəaliyyətlərini davam etdirirlər.

İclasda AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirdi ki, “Xüsusi texnika və texnologiya” fakultəsi yarandığı gündən etibarən Müdafiə Sənayesi Nazirliyi tərəfindən bu fakultədə təhsil alan tələbələr üçün nazirliyin istehsal müəssisələrində lazımi avadanlıqlarla təchiz olunmuş xüsusi tədris otaqları yaradılıb. Tələbələrin seçdikləri peşəni dərindən öyrənmələri məqsədilə real istehsal prosesini yaxından izləmələri üçün lazımi şəraiti yaratmaqla yanaşı nazirlik tərəfindən əlaçı tələbələr üçün xüsusi təqaüdlər də verilir.