24/10/2019 17:51

AzTU tələbələri “ASELSAN-Bakı” şirkətində təcrübə keçəcəklər

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev “ASELSAN-Bakı” şirkətinin direktoru Özgür Kürüm ilə görüşüb.

Bu barədə “AzeriDefence” AzTU-nun mətbuat xidmətinə istinadən məlumat verib.

Görüşdə  “ASELSAN-Bakı”nın AzTU ilə əməkdaşlıq imkanları  müzakirə edilib.

Professor Vilayət Vəliyev sənaye-universitet işbirliyinin önəmini qeyd edərək  bu sahədə AzTU-nun geniş potensialı olduğunu bildirib.

Özgür Kürüm AzTU-da tədris edilən bir sıra ixtisasların rəhbərlik etdiyi şirkətin fəaliyyət dairəsi ilə birbaşa əlaqəli olduğunu  və bu istiqamət üzrə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Görüşdə əldə edilən razılığa əsasən, AzTU-nun 3-cü və 4-cü kurslarının fərqlənən tələbələri üçaylıq proqram çərçivəsində  “ASELSAN-Bakı” şirkətində təcrübə keçəcəklər.  “ASELSAN-Bakı”da təcrübə keçəcək tələbələri tərəflər birlikdə seçəcək və bu tələbələr müəyyən imkanlar əldə edəcəklər.

Qeyd edək ki, 1998-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınan “ASELSAN-Bakı”nın qurucusu Türkiyə hərbi sənaye komleksinin lokomotivi olan ASELSAN şirkətidir. “ASELSAN-Bakı”nın əsas fəaliyyəti ASELSAN istehsalı olan mülki rabitə cihazları  və  s. radioelektronika sistemlərinin satışı,  təmiri, onlara texniki dəstəyi əhatə edir.