13/10/2017 10:28

“BAE Systems” M2 “Bradley” PDM-nin yeni modernləşdirilmiş versiyasını təqdim edib

Böyük Britaniyanın “BAE Systems” şirkəti M2 “Bradley” piyada döyüş maşınını (PDM) modernizə edib.

“AzeriDefence” “Warspot”a istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən “AUSA 2017” sərgisində “BAE Systems” şirkəti tərəfindən hava hücumundan müdafiə sistemiylə təchiz edilmiş, M2 “Bradley” piyada döyüş maşınının yeni modifikasiyası təqdim edilib.

Yeni modernizə edilən döyüş maşınına “Bredli” deyilsə də, hələ rəsmi ad verilməyib. Sərgi zamanı döyüş maşını M2 “Bradley” SHORAD (Short-Range Air Defense) kimi təqdim edilib. M2 “Bradley” modernizə zamanı hava hücumundan müdafiəni təmin edən üç tip silahla təchiz edilib. Kiçik pilotsuz uçuş aparatlarını sıradan çıxarmaq üçün döyüş maşını radioelektron mübarizə sistemi (REM) ilə silahlandırıb. Bundan başqa M2 “Bradley”ə modernizə zamanı helikopter və az yüksəklikdən uçan təyyarlərin məhv edilməsi üçün idarə olunan raketlər inteqrasiya olunub. Piyadaların döyüş maşınında əsas silah isə 3-cü dərəcəli qoruma səviyəsində olan 30 mm-lik topdur.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin əsas piyada transportyoru olan M2 “Bradley” piyada döyüş maşını ABŞ ordusunun silahlandırılmasına 1981-ci ildə qəbul edilib. 2016-cı ildə yayılan məlumata görə, bu illər ərzində müxtəlif modifikasiyalarda 10 000 “Bradley” PDM istehsal olunub. Həmçinin onların bazasında xüsusi maşınlar da yaradılıb.