07/12/2017 00:34

Bakı-Novorossiysk neft kəmərinin yaxınlığında partlayıcı sursatlar aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayış nəticəsində ətrafa dağılan partlamamış hərbi sursatlar (PHS) haqqında operativ məlumat yayıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, dekabrın 6-da Giləzi qəsəbəsi ərazisindən keçən Bakı-Novorossiysk neft kəmərinin 106-cı km-nin yaxınlığına, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 112 ədəd partlamamış hərbi sursat (PHS), 250 ədəd partlamış-yanmış mərmi qalıqları və 275 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 168 500 kv.m (16.85 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 90 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 21 265 ədəd partlamamış hərbi sursat (PHS), 11 797 ədəd partlamış-yanmış sursat qalıqları və 74 976 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 72 688 512 kv.m (7 269 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.