30/12/2013 13:36

Bakı Tikiş Evi 2013-cü ildə hərbi qurumlardan 6.8 milyon manatlıq sifariş alıb

Azərbaycanın Müdafiə Nazirliyi və Daxili Qoşunları 2013-cü ildə Bakı Tikiş Evi Səhmdar Cəmiyyətindən (BTE) 6 milyon 877 min 871 manat dəyərində müxtəlif tekstil məhsulları satın alıb. “AzeriDefence”nin məlumatına görə, bunun 2 milyon 50 min manatını Müdafiə Nazirliyinin, qalan 4 milyon 827 min 871 manatını isə Daxili Qoşunların satınalmaları təşkil edib.

Alınmış məhsullar arasında şəxsi heyət üçün müxtəlif mövsümi səhra və parad geyimləri, yataq kisələri, yük çantaları və s. yer alır.

BTE ilə yanaşı hərbi qurumlar Azərbaycanın aparıcı hərbi ayaqqabılar istehsalçısı olan BOT şirkətinə 6 milyon 213 min 500 manat dəyərində sifarişlər verib. Bunun 6 milyon 48 min 500 manatı Müdafiə Nazirliyinin, 165 min manatı isə Dövlət Sərhəd Xidmətinin sifarişi olub.

Qeyd edək ki, Azərbaycanın aparıcı tekstil müəssisəsi olan BTE hazırda Silahlı Qüvvələrin yeni səhra kamuflyajı üzərində işləyir.