15/05/2018 17:14

Bakıda Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 1-ci Konqresinin açılış mərasimi keçirilib

Mayın 15-də Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərində Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin (APIMSF) 30-cu yubiley görüşünün və 1-ci Konqresinin açılış mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan mərasimdə Fuad Ələsgərov çıxış edərək Prezident İlham Əliyevin salamlarını konqres iştirakçılarına çatdırıb. F.Ələsgərov Azərbaycan ərazisinin 20%-nin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması barədə məlumat verib, hazırda Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe göstərməsi və Azərbaycan torpaqlarının hələ də işğal altında saxlaması səbəbindən sülhə nail olmağın mümkün olmamasını qeyd edib. F.Ələsgərov hərbi cərrahiyyə sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində Beynəlxalq Hərbi Cərrahlar Forumuna uğurlar arzulayıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan üçün hərbi cərrahiyyənin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra ABŞ-ın Milli Hərbi-Tibbi Mərkəzinin cərrahiyyə departamentinin professoru Mark Bouer, Ümumdünya Cərrahiyyə Cəmiyyətinin Baş Katibi professor Kenneth Boffard, DSX Hərbi Hospitalının rəisi, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun Prezidenti tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə çıxış ediblər.

21 ölkədən – Azərbaycan, Almaniya, ABŞ, Belarus, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, Macarıstan, Moldova, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə və Yunanıstandan 156 iştirakçının qatıldığı beynəlxalq tədbir 4 gün davam edəcəkdir.

Konqres çərçivəsində hərbi cərrahiyyə sahəsində qabaqcıl təcrübənin mübadi­lə­si, tətbiq edilən innovasiyalar ilə tanışlıq, beynəlxalq tibbi təşkilatlar, nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi həyata keçiriləcəkdir.

Qeyd edək ki, 1988-ci ildə Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində təsis edilmiş APIMSF-nin əsas məqsədi döyüş əməliyyatları, terror hücumları, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı cərrahiyyə əməliyyatlarını həyata keçirən dünyanın müxtəlif regionlarından olan peşəkar cərrahların təcrübə mübadiləsi üçün beynəlxalq platformanın yaradılması, araşdırmalar, görüşlər, nəşrlər vasitəsilə hərbi cərrahiyyə elminin təşviqinin həyata keçirilməsidir.

Bu müddət ərzində APIMSF-nin əhatə etdiyi ölkələrin coğrafiyası genişlənib, cəmiyyətin işində Azərbaycanın sərhədçi cərrahlarının fəal iştirakı nəticəsində 2013-cü ildə 22-ci simpozium Bakı şəhərində təşkil edilib. 2015-ci ildə Tailandda keçirilmiş görüşdə DSX hərbi hospitalının rəisi, tibb elmləri doktoru, tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 2017-2019-cu illər üzrə prezidenti seçilibdir.