31/10/2019 13:17

Bakıda beynəlxalq regional təlim keçiriləcək

Gələn həftə Bakıda BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupu (İNSARAG) və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə beynəlxalq regional təlim keçiriləcək.

“AzeriDefence”nin Fövqəladə Hallar Nazirliyinin qəzetinə istinadən verdiyi məlumata görə, bu məqsədlə FHN-in Akademiyasında təlimə hazırlıq üzrə işçi qrupun görüşü keçirilib.

Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər, Ədliyyə, Xarici İşlər, Səhiyyə, Təhsil, Energetika, Maliyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət, İqtisadiyyat nazirliklərinin, Dövlət Təhlükəsizlik, Dövlət Gömrük, Dövlət Statistika, Dövlət Şəhərsalma və Arxitektura komitələrinin, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərsu” ASC, Qida Təhlükəsizliyi Dövlət Agentliyi, SOCAR və Qızıl Aypara Cəmiyyətinin mütəxəssislərinin iştirakı ilə keçirilən işçi görüşün məqsədi təlimə hazırlıq və təlim zamanı fəaliyyət üzrə tədbirlərin birgə müzakirəsi olub.

Tədbiri giriş sözü ilə açan nazirliyin akademiyasının rəisi, general mayor Baba Salayev qeyd olunan təlimin FHN-in Akademiyasında keçiriləcəyini və bu məqsədlə müvafiq hazırlıq tədbirlərinin reallaşdırıldığını diqqətə çatdırıb, regional təlimin beynəlxalq təcrübənin öyrənilməsi nöqteyi nəzərindən mühüm əhəmiyyət daşıdığını bildirıb.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin rəis müavini, polkovnik-leytenant Ələsgər Əliyev “Zəlzələ hadisələrində cavabvermə tədbirləri” mövzusunda keçiriləcək təlimin əsas məqsədlərinin əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində fəaliyyət planlarının dəqiqləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasından ibarət olduğunu iştirakçıların diqqətinə çatdırıb.

FHN-in tərkibində beynəlxalq humanitar əməliyyatlarda iştirak etmək məqsədi ilə axtarış-xilasetmə dəstəsinin yaradıldığını bildirən Ələsgər Əliyev hazırda həmin dəstənin İNSARAG qaydalarına uyğun olaraq beynəlxalq klassifikasiyadan keçirilməsinə hazırlıq tədbirlərinin həyata keçirildiyini, qeyd olunan təlimin bu baxımdan xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb.