07/06/2018 11:15

Bakıda Çexiya Respublikasının Silahlı Qüvvələr Günü qeyd olunub

İyunun 6-da Bakıda Çexiya Respublikasının Silahlı Qüvvələr Günü qeyd olunub.

“AzeriDefence”nin məlumatına görə, bu münasibətlə keçirilən qəbulda xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri, Müdafiə və Müdafiə Sənayesi Nazirliklərinin, ANAMA-nın əməkdaşları, hərbi ekspertlər iştirak ediblər.

Mərasimdə çıxış edən hərbi attaşe polkovnik-leytenant Jan Havlicek Çexiya Silahlı Qüvvələrinin yaranma tarixindən bəhs edib və bu gün ölkəsinin Avropada güclü, peşəkar orduya və inkişaf edən hərbi sənayeyə sahib olduğunu qeyd edib. Hərbi attaşe bildirib ki, Çexiya Silahlı Qüvvələri öz tarixini 100 il öncə Fransa Ordusunun nəzdində Çexoslovak Legionuna döyüş bayrağının verilməsindən götürür. O, həmçinin 1968-ci ildə Praqada xarici qüvvələr tərəfindən çex xalqına qarşı silah işlədilməsini də xatırladaraq, bu hadisənin unudulmadığını bildirib.

Çexiya Silahlı Qüvvələrinin NATO tərkibində beynəlxalq təhlükəsizliyə töhfə verdiyini bildirən hərbi attaşe Azərbaycanla münasibətlərdən də söhbət açıb. Rəsmi Praqanın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Çexiyanın Azərbaycandakı səfirinin müavini Petr Vaqner isə tarixə nəzər salaraq, 100 il əvvəl yaranan Azərbaycan Ordusunun sıralarında milliyətcə çex olan bir zabitin xidmət etdiyini diqqətə çatdırıb. Diplomatın verdiyi məlumata görə, həmin çex əsilli zabit Azərbaycan Xalq Cümhuriyyəti Müdafiə Nazirliyinin silahlanma idarəsində yüksək vəzifədə xidmət edib.

Diplomat Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə təbrikini də çatdırıb.

Tədbirdə Çexiyanın aparıcı hərbi sənaye şirkəti olan “Çeşki Zbrojojka”nın məhsulları barədə qonaqlara məlumatlar təqdim olunub.